Tarixi abidələrin qorunmasında bələdiyyələrin
üzərinə düşən məsuliyyət
Hər bir
xalqın tarixi onun torpağa yazdığı imza, ucaltdığı divarlar və qoruduğu abidələrdir.
Zamanın sərt küləklərinə sinə gərən qədim qalalar, məbədlər, türbələr,
karvansaralar və qədim yaşayış məskənləri sadəcə keçmişin
susqun xarabalıqları deyil, bu günümüzün kimlik pasportu, sabahımızın təməl
daşıdır. Torpağın altına və üstünə həkk olunmuş hər bir naxış, hər bir daş
parçası ulu babalarımızın bizə miras qoyduğu yazılmamış sözlər,
taleyimizin və mədəniyyətimizin unudulmaz salnaməsidir. Lakin bu daş yaddaşın
qorunması yalnız mərkəzi dövlət qurumlarının, muzeylərin və ya həvəskar
insanların səyləri ilə məhdudlaşmır. Cəmiyyətə, xalqın özünə ən
yaxın olan strukturun — yerli özünüidarənin,
yəni bələdiyyələrin üzərinə bu sahədə böyük
tarixi, hüquqi və mənəvi məsuliyyət düşür.
Bu gün qəzet səhifələrindən, elmi-publisistik jurnallardan və
informasiya portallarından səslənən həyəcan təbili təsadüfi
deyil. Abidələrin qorunması məsələsi artıq
dar çərçivəli mədəniyyət tədbiri deyil, hər
bir vətəndaşın və xüsusilə yerli idarəetmə orqanlarının
gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməlidir. Azərbaycan Respublikasının
qanunvericiliyi bələdiyyələrə yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyəti
verməklə yanaşı, ərazilərindəki mədəniyyət və tarix abidələrinin
mühafizəsi, təbliği və onlara həssaslıqla yanaşılması istiqamətində
mühüm vəzifələr müəyyənləşdirir. Bələdiyyələrin bu fəaliyyəti təkcə inzibati
idarəçiliklə məhdudlaşmır, həm də regionun turizm potensialının üzə
çıxarılmasına, yerli iqtisadiyyatın canlanmasına, ənənəvi sənətkarlığın
inkişafına və gənc nəslin milli-mənəvi ruhda böyüməsinə
birbaşa xidmət edir.
Hər bir effektiv və dayanıqlı fəaliyyət möhkəm hüquqi çərçivəyə əsaslanır.
Azərbaycanda bələdiyyələrin statusu, səlahiyyətləri
və onların cəmiyyət qarşısındakı öhdəlikləri
Konstitusiya və “Yerli özünüidarəetmə haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Qanunvericilik yerli özünüidarətmə orqanlarına geniş
imkanlar verməklə bərabər, həm də ciddi vəzifələr
yükləyir:
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının Qanununun I fəslinin
4-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq,
yerli sosial müdafiə və sosial inkişaf
proqramında tarix və mədəniyyət abidələrinin saxlanılması da açıq şəkildə
qeyd olunmuşdur.
Qanunvericilik bələdiyyələrə yerli ərazinin
abadlaşdırılması, sosial-mədəni şəraitin
yaxşılaşdırılması ilə yanaşı, yerli əhəmiyyətli
tarix və mədəniyyət abidələrinin mühafizəsi
sahəsində də qətiyyətli təşəbbüslər göstərməyə
şərait yaradır.
Bələdiyyələr öz ərazilərindəki abidələrin
qorunması üçün mülkiyyət formasından asılı
olmayaraq birbaşa məsuliyyət daşıyır və
onların ərazisindəki qanunsuz tikintilərə, kortəbii
abadlıq və ya qazıntı işlərinə nəzarət
etməyə borcludurlar.
Bununla belə, qanunlara məhəl qoymamaq
halları hüquqi məsuliyyəti qaçılmaz edir:
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” 10 aprel 1998-ci il tarixli 470-IQ
nömrəli Qanuna əsasən, abidələrin mühafizə
zonalarında hər cür icazəsiz torpaq işlərinin
görülməsi qəti şəkildə qadağandır.
İnzibati
Xətalar Məcəlləsinin 231.1-ci maddəsi tarix və mədəniyyət
abidələrinin mühafizə zonalarında qanunsuz tikinti və torpaq işləri
aparan şəxslərə qarşı sərt cərimələri nəzərdə tutur.
Əgər bu qanunsuz əməllər nəticəsində
abidəyə bərpaolunmaz və ya ciddi ziyan
dəyərsə, Cinayət Məcəlləsinin 246-cı maddəsi ( Tarix və mədəniyyət
abidələrini qoruma qaydalarını pozma ) ilə bağlı
hüquqi proses qaçılmaz olur.
Bələdiyyələr öz ərazilərində torpaqların təyinatı
üzrə istifadəsinə nəzarət etməlidir. Məsələn,
qədim arxeoloji abidənin üzərində və
ya mühafizə zonasında əkin aparılmasına,
traktorun keçməsinə və ya tikinti
materiallarının tökülməsinə göz yummaq, dolayısı ilə həmin
cinayətin və ya hüquqpozmanın ortağı olmaq deməkdir.
Qədim abidələrin qorunması və bələdiyyələrin bu prosesdəki rolu təkcə
kağız üzərindəki sənədlərlə deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edən
ümumxalq hərəkatı ilə uğurlu ola bilər. Tarix yalnız mütəxəssislərin deyil, hər
bir vətəndaşın qəlbində yaşamalıdır.
Uşaqlıqdan
hər qədim daşın nağıllardan gerçəkliyə
uzanan qəhrəmanlıq səhifəsi olduğu dərk
edilməli, gənclər milli kimlik və
könüllülük prinsipi ilə tarixi abidələrin
qorunmasına cəlb olunmalı, yetkin nəsil ailə
daxilində milli-mənəvi varisliyi qorumaqla
yanaşı ictimai nəzarəti gücləndirməli, yerli
bələdiyyə orqanlarının fəaliyyətinə dəstək verməli və ətrafdakı
neqativ hallara qarşı laqeyd qalmamalıdır.
Bələdiyyələrin
dəstəyi ilə məktəblərdə və gənclər təşkilatlarında davamlı
maarifləndirmə kampaniyaları aparılaraq cəmiyyətdə
hər bir abidəyə qarşı həssas və
qanunauyğun münasibət formalaşdırılmalıdır. Bu işdə ağsaqqallar
zəngin həyat təcrübəsi və yaddaşı ilə
bələdiyyələrə mənəvi məsləhətçi olmalı, kəndin
və ya qəsəbənin tarixini, unudulmaqda olan
əfsanələrini, abidələrin əsl hekayəsini gənc
nəslə ötürməklə ictimai vicdanı oyatmalıdırlar.
Tarixi abidələrin mühafizəsi sahəsində bələdiyyələr
qarşıda duran çağırışları düzgün qiymətləndirməli,
formal hesabatlardan uzaqlaşaraq real və
sistemli addımlar atmalıdırlar.
İlk
növbədə, bələdiyyə ərazisində olan hər
bir tarix və mədəniyyət abidəsinin ətrafının
təmizlənməsi, abadlaşdırılması və istiqamətləndirici
lövhələrin quraşdırılması üçün yerli büdcə
imkanlarından səmərəli istifadə etməklə
kiçik də olsa, məqsədli vəsaitlər ayrılmalıdır.
Mədəniyyət
Nazirliyinin müvafiq qurumları, yerli
icra hakimiyyəti orqanları və ictimai
birliklərlə sıx tərəfdaşlıq mexanizmləri
qurulmalı, problemlərin həllində birgə səy
göstərilməlidir.
Bələdiyyələr
yerli icma ilə dialoq quran, abidələrin ətrafında açıq dərslər, mədəniyyət
günləri və ekoloji-tarixi iməciliklər təşkil edən lider
kimi çıxış etməlidirlər.
Unutmayaq ki, keçmişinə sahib çıxmayan
bələdiyyə və cəmiyyətin gələcəyi də ola
bilməz. Yerli özünüidarəetmə orqanları hər bir
daşda yaşayan tariximizi sabahkı nəsillərə əmanət
edən ən etibarlı və qanuni keşikçi
olmalıdırlar. Bir imza, bir sətir ilə
yazılan bu taleyüklü missiya tarixin səssiz
qalmasına imkan verməyəcək, əksinə, gələcək nəsillərə
qürurla miras qalacaq qədim divarların
qanuni harayını və xalqın mənəvi borcunu
hər zaman uca tutacaqdır.
Tarix
yaşadıqca, biz də varıq. Tarixə yazılan hər
iz məsuliyyətimizdir. Tarix səssiz qalmaz, onu
yaşadanlar danışdırar.
Samir Zülfiyev
Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə
baş mütəxəssisi.
Rəylər
0 Rəy